Qaqauz Yeri və Dnestryanı tətikdə...| Moldova Rusiyadan qorunmaq üçün Rumıniya ilə birləşməyi hədəfləyir?

2024/05/1717148423.jpg
Oxunub: 1078     13:38     31 May 2024    
Macarıstanın Baş naziri Viktor Orban bir müddət əvvəl, Avropanın Rusiyaya qarşı müharibəyə hazırlaşdığı barədə açıqlama verib. NATO və Avropa İttifaqına üzv olan bir ölkənin rəhbərinin bu cür bəyanatla çıxış etməsi, söz yox ki, yaxın gələcəkdə qitəni ciddi proseslərin bürüyəcəyinə bir işarədir.

Orban deyib ki, Avropada Rusiya ilə müharibəyə hazırlığın əlamətləri mətbu nəşrlərdə və siyasətçilərin bir-birini tamamlayan bəyanatlarında özünü aydın şəkildə göstərir.

O, “Politico”nun ABŞ dövlət katibi Antoni Blinkenlə müsahibəsində amerikalı rəsminin “Hansı silahdan və nə vaxt istifadə edəcəyinə, hansı problemləri necə həll edəcəyinə Ukrayna özü qərar verir” fikrinə diqqət çəkib.

Macar lider deyib ki, Vaşinqton son günlərə qədər Ukraynaya verdiyi uzaqmənzilli silahlardan Rusiyanın dərinliklərindəki hərbi hədəfləri atəşə tutmağa qadağa qoyub. Amma birdən-birə Kiyev Vaşinqtondan aldığı ağır silahları bildiyi kimi tətbiq etmək hüququ qazanır...

Əslində, Viktor Orbanın bu açıqlaması təkcə Rusiya-Ukrayna cəbhəsində gedən müharibəyə dəlalət etmir. Burada əsas məqamlardan biri də, Rusiyanın qərb sərhədlərində NATO-nun möhkəmlənməsinin aydın formada müşahidə edilməsidir. Belə ki, bir müddət əvvəl Finlandiya və Norveç Rusiya ilə sərhədlərini bağlamaq haqda qərar qəbul edib, Polşa Belarus və Rusiya ilə sərhədlərini möhkəmləndirir, Varşava ABŞ və NATO-nun ən müasir Hava Hücumundan Müdafiə sistemlərinin ölkə ərazisində yerləşdirilməsinə nail olur, Moldovada Rumıniya ilə birləşmək ideyası ortaya atılır...

Ukraynanın cənub sərhədləri ilə qonşu olan Moldovada Rumıniya ilə birləşmək ideyasının meydana gəlməsi Kişinyovun əslində, Qərbə inteqrasiya və NATO-nun himayəsi altına keçmək cəhdidir.

Hazırda Dnestryanı bölgədəki separatçı qüvvələrlə mövcud problemləri həll edə bilməyən Kişinyov Rumıniya-Moldova birləşməsi mümkün olmadıqda, Buxarestlə hərbi-siyasi əlaqələrini konfederativ şəkildə inkişaf etdirməyi hədəfləyir. Bu ölkənin prezidenti Mayya Sandu birləşmə məsələsini şərh edərkən deyib ki, hazırda əhali Rumıniya ilə birləşməyə hazır deyil. Ölkədə aparılmış sorğuların nəticələrinə görə, əhalinin 50-faizdən çoxu Moldovanın müstəqilliyinin tərəfdarıdır.

Bir neçə gün öncə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Moldova hakimiyyətini sərt şəkildə tənqid edərək, ölkəyə rəhbərlik edənləri “səriştəsiz” adlandırıb. Bortnikovun sözlərinə görə, “NATO Moldovanı Rusiya ilə birbaşa müharibəyə sürükləyir”.

O, bu ilin payızında Moldovada keçiriləcək prezident seçkilərinə diqqət çəkməklə, görünür, Moldovada ictimai-siyasi vəziyyətin dəyişə biləcəyini və ya ölkədə vətəndaş qarşıdurmasının yaradılması ehtimalının aktuallığına eyham vurub. Kişinyov Dnestryanı problemi həll edə bilmədiyi bir vəziyyətdə, Rumıniya ilə birləşmə məsələsi hüquqi və praktik baxımdan reallaşacağı halda, Moldova ərazisindəki “Qaqauz Yeri” adlandırılan muxtar vilayət öz müstəqilliyini elan edəcəyini açıqlayıb.

Görünür ki, Kreml Moldovanın Rumıniya ilə birləşməsini əngəlləmək üçün müəyyən qabaqlayıcı tədbirlər planlaşdırıb.

Elə bu baxımdan da, Macarıstan Baş naziri Viktor Orban Avropanı Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda ittiham etməklə məsuliyyəti Qərbin üzərinə qoymağa, indiki vəziyyətdə NATO və Aİ üzvü olan ölkəsini Moskvaya qarşı vuruşmaqdan yayındırmağa çalışır. Çünki Rusiya ilə müharibə zərurəti yarandığı təqdirdə Macarıstan Şimal alyansı və ittifaq qarşısındakı öhdəlikləri yerinə yetirməyə məcbur qalacaq. Bu da, söz yox ki, Orbanı ciddi şəkildə narahat edir.

Çünki, şimal-şərq qonşusu olan Rumıniyada baş verəcək proseslərin bölgəyə təsirsiz ötüşməyəcəyi bəllidir. Xüsusilə, coğrafi baxımdan Ukrayna və Macarıstan arasında yerləşən Rumıniya Ukraynaya dəfələrlə dəstək nümayiş etdirib və Moldova məsələsində Rusiya ilə münasibətləri ciddi şəkildə ziddiyət təşkil edir.

NATO-nun şərqə doğru genişlənməsi məsələsi gündən-günə aktuallaşır və sözsüz ki, bu amildən yararlanmağa çalışan Rumıniya Moldovanın təhlükəsizliyinə təminat almaq üçün NATO-dan açıq dəstək gözləyir, eyni zamanda bu istiqamətdə cəhdlərini çoxaldır. Bu da təbii ki, Kremlin bölgədə aktivləşməsi ehtimalını artırır. Mümkündür ki, Rusiya Denstryanı bölgədəki sülhməramlılarının sayını çoxaltmağa və separatçıların silahlandırılmasını bir az da genişləndirməyə çalışsın.

Bu arada, Şimali Atlantika Alyansı Rusiya sərhədləri boyunca kiberlaboratoriyalar şəbəkəsi yaratmağa başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi departamentinin direktoru Artur Lyukmanov Estoniya, Latviya, Finlandiya, və Rumıniyada ABŞ Müdafiə Nazirliyinin rəhbərliyi altında kiber mübarizə laboratoriyalarının qurulduğunu və Pentaqonun himayəsi ilə yerli mütəxəssislərə sistematik əsasda kiber təlimlər keçirildiyini açıqlayıb.

XİN rəsmisinin sözlərinə görə, təlimlər zamanı rəqəmsal sahədə Rusiya ilə qarşıdurma senariləri sınaqdan keçirilir. Vaşinqton bu proqrama Gürcüstan və Moldovanın da əlavə edilməsini planlayır.

Bütün bunlarla yanaşı, ABŞ Dövlət katibi Antoni Blinkenin Avropaya üç günlük səfəri çərçivəsində Çex Respublikasının paytaxtında NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Ukraynaya hərbi dəstək məsələsinin müzakirəsində iştirakı, oradan isə Moldovaya getməsi bölgədəki gərginliyin artmasından xəbər verir.

Maraq doğuran məqamlardan biri də budur ki, Blinkenin bölgəyə səfərindən bir həftə əvvəl Avropa İttifaqı və Moldova arasında təhlükəsizlik və müdafiə sahəsində sənəd imzalanıb.

Bu müqavilə birgə hərbi təlimlərin keçirilməsi, silah-sursat təchizatı, mülki müdafiə, kibercinayətkarlığa qarşı mübarizə, məlumat mübadiləsi və digər sahələrdə əməkdaşlıq kimi məsələləri ehtiva edir.

Sənəd Moldovaya Aİ-nin müdafiə sənayesi sahəsindəki layihələrində iştirak hüququ da verir. Əldə edilən razılaşmaya əsasən, birlik bu ölkənin sərhədlərinin mühafizəsi, qanunsuz miqrasiya və insan alveri, habelə mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində də Kişinyova dəstək göstərəcək.

Sənəddə Rusiya xarici təhlükənin başlıca elementi kimi müəyyən edilib. Bütün bunların fonunda, Ukraynanın Aİ üzvlüyünə qəbul edilməsinə dair danışıqların vaxtı müəyyənləşdirilib. İyun ayının sonuncu on günlüyündə Aİ ölkələri liderlərinin 29-30 iyun tarixlərində Brüsseldə reallaşacaq toplantısından əvvəl Moldovanın da Avrozonaya daxil olmasını nəzərdə tutan müzakirələr aparılacaq.

Bu arada, ABŞ-Moldova danışıqlarında əldə edilmiş razılığa əsasən, birgə hərbi təlimlərdə iştirak etmək üçün Birləşmiş Ştatlar ordusunun hərbi texnikası və şəxsi heyəti Kişinyova gəlib.

Təlim fövqəladə hallar zamanı Moldova vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri taktikaların tətbiqini təkmilləşdirmək xarakteri daşıyır.

Bu birgə təlimlə bağlı diqqət çəkən ən qəribə məqam isə Pentaqonun Moldova Müdafiə Nazirliyinə yardım göstərdiyi iri həcmdə tibbi ləvazimatlardır...

Görünür ki, Moldova ətrafında baş verən bu qədər proseslərin fonunda, ölkənin Rumıniya ilə birləşməsi ideyasının meydana gəlməsi təsadüf deyil.

Bu baş verəcəyi halda, Dnestryanı bölgədə separatçıların aktivləşəcəyi, eyni zamanda, Qaqauz Yeri ilə yeni münaqişənin meydana gəlməsi ehtimalı aktual olaraq qalır. Bu halda, Moldovanın silahlı münaqişəyə cəlbi, bu ölkənin ərazisindəki Rusiya hərbi qüvvələrinin çoxaldılmasına gətirib çıxaracaq. Mümkündür ki, belə olduğu təqdirdə, Rusiya Ukraynanın cənub sərhədlərində də cəbhə açmaq haqda qərar versin. Görünür, elə buna görə də Rusiya Odessa vilayəti istiqamətində hücumlarının sayını çoxaldıb və Moldovanın Dnestryanı bölgəsinə coğrafi baxımdan daha da yaxınlaşmağı qarşıya məqsəd qoyub.

Görünən odur ki, proseslərin inkişafı Ukrayna müharibəsinin Avropaya daha da sıçraması riskini çoxaldır... Yəqin ki, elə bu səbəbdən də bəzi Avropa ölkələri Rusiya və Belarusla sərhədlərini möhkəmləndirmək üçün milyardlarla dollar sərmayə qoymaq haqqında qərar verib.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Moldova  


Bizi "telegram"da izləyin